SETM və KARFO-nun birgə ərsəyə gətirdiyi yeni stendin sınaq atışları həyata keçirilib
20.09.2019 17:38
AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzində (SETM) həyata keçirilən hərbi və müdafiə xarakterli elmi-tədqiqat işləri çərçivəsində “Müxtəlif növ iri çaplı pulemyotların geri təpmə qüvvəsini ölçən stendin yaradılması” layihəsinin birinci mərhələsinin təqdimatı keçirilmişdir.
Layihə Strateji Elmi Tədqiqatlar Mərkəzi və KARFO SLA MMC şirkətinin birgə tədqiqatları nəticəsində ərsəyə gətirilmişdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin əməkdaşlarının iştirakı ilə real ərazi şəraitində (Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində) sözügedən layihəyə uyğun olaraq yaradılmış stendin yoxlanılması üçün sınaq atışları həyata keçirilmişdir.
Sınaq atışları zamanı müsbət nəticələr əldə olunmuşdur. Layihənin rəhbəri, SETM-in 3 nömrəli Elmi Tədqiqat Laboratoriyasının sektor müdiri Ceyhun Nabadov tərəfindən hərbi avadanlığın texniki göstəriciləri və istismarı ilə bağlı ətraflı məlumat verilmişdir.
Hərbi mütəxəssislər tərəfindən sözügedən layihəyə uyğun olaraq yaradılmış stend yüksək qiymətləndirilmiş və onun Azərbaycan ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab olunmuşdur.